İsmayıllı sakini: "yatmırıq, yorğana bürünüb oturmuşuq".

Videoda təsvir olunanlar çərşənbə gecəsi və cümə axşamı günorta etirazlarını əks etdirir.

Cümə axşamı gecə insanlar yenidən İsmayıllı küçələrinə çıxıb və etiraz aksiyası yenidən davam edir, bu barədə İsmayıllı sakini BBC Azərbaycancaya bildirib.

"Bizi asıb-kəsən yoxdur, amma etirazlar küçədə davam edir", şəhərin sakini deyib.

Onun sözlərinə görə, evlərdə insanlar qorxu içərisindədir: "yatmırıq, yorğana bürünüb oturmuşuq".

"5-6 nəfərlik qruplar şəhərin küçələrində, orda-burda toplaşır", jurnalist Ramin Deko cümə axşamı BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, etirazçılar arasında belə bir məlumat yayılıb ki, təkrar yürüşlər gözlənilir.

Etirazçıların İcra Hakimiyyəti binasına doğru yürüş cəhdlərinin qarşısı alınıb və ora gedən əsas yollar kəsilib, orada betonlar və ağır plastik borulardan baryerlər qoylub, Azadlıq qəzetinin müxbiri deyir.

Şəhər sakinləri deyir ki, bu olaylarda xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

"Polis kütlənin dağıdılmasında gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib", jurnalist deyir.

Onun sözlərinə görə, mərkəzdən kənar küçələrdə sakitçilikdir.

Ramin Deko polisin gün ərzində 30-a yaxın adamı saxladığını şəxsən gördüyünü deyir.

Əlavə qüvvə

Rayona əlavə 10 avtobus qüvvə və 40 kiçik polis maşını gəlib, Obyektiv TV-nin jurnalisti Elnur Məmmədov deyir.

İnsanların polis tərəfindən dağıdıldığını deyən jurnalist, əhalinin "topa-topa" yer dəyişdirdiyini bildirib.

"Əhali rayondakı sosial vəziyyətdən, icra hakimi və onun ətrafının hərəkətlərindən şikayət edir".

İcra başçısı Nizami Ələkbərovun istefasını istəyən ismayıllılar, onun əhalini söyən qohumunun üzr istəməsini və ona cəza verilməsini tələb edir.

Məmmədovun müşahidəsinə görə, rayona deputat və digər rəhbər şəxslər gəlməyib.

Polis isə, adamları rezin güllə və gözyaşardıcı qaz istifadə edir, döyür.

Jurnalist rayonun bəzi yerlərində işıqların kəsildiyini, İnternet klublarda isə jurnalistlərə işləmək üçün kömək edilmədiyini deyir.

REAL Hərəkatından İlqar Məmmədov da sosial şəbəkədə polisin çoxaldığını, etirazçıların hər 1-2 saatdan bir toplaşıb çıxış etdiyini yazıb.

"İcra hakimiyyəti binasının qarşısındayıq. Polis bu ərazidə 500-ə qədər olar", Məmmədov qeyd edir.

Səhər aksiyası

İsmayıllıda çərşənbə günündən başlayan etiraz aksiyası gecə dayansa da, cümə axşamı təxminən saat 10-da yenidən başlayıb.

"Bir neçə yüz yerli sakin yenidən toplaşaraq İcra Hakimiyyətinin binasını əhatəyə alıb. Onlar icra başçısının istefasını tələb edirlər. Hüquq-mühafizə qüvvələri buna yol verməmək üçün tədbirlər görür və mitinqçiləri sıxışdırır".

Polis aksiyaçılardan "dağılmağı" tələb etsə də, "adamlar “İstefa!” şüarını səsləndirərək polisi daşa basıblar".

APA agentliyi də 500-ə qədər insanın İcra Hakimiyyəti binası ətrafına yığışdığını və başçı Nizami Ələkbərovun istefasını tələb etdiklərini yazır, saxlanılanlar var.

Nəzarət

Cümə axşamı rayon mərkəzinə gedən yollar polis nəzarəti altına alınıb. Rayona giriş məhdudlaşdırılıb və məhdudiyyətlər Bakıdan gələn bəzi jurnalistlərə də tətbiq olunub, Turan agentliyi xəbər verir.

Məlumata görə, polis əməkdaşları xəsarət alıb. Eyni zamanda, polisin gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyi deyilir.

Rayonun küçələrinə Daxili İşlər Nazirliyinin çevik polis alayı, digər qurumların xüsusi bölmələri və texnika yerləşdirib.

Rəsmi məlumat

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllıda kütləvi münaqişə baş verməsi barədə məlumat yayıb.

"Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olmuşdur. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşmış və onlara etirazlarını bildirmişlər".

Prokurorluq və Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı birgə bəyanatında "destruktiv qüvvələrin təhriki ilə insident iştirakçılarının İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi yandırmağa cəhd göstərildiyi deyilir".

Rəsmilər Şəmsəddinov və Məmmədovun saxlanıldığını, üç nəfər polis olmaqla, dörd nəfərin xəsarət aldığını və Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət heyətin İsmayıllıya gəldiyini təsdiqləyib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Yerli sakinlərə görə olaylara səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun iştirakı ilə baş vermiş insident olub.

Yanvarın 23-də o, “Hummer“ markalı maşını ilə "Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurub, sürücülər arasındakı mübahisəyə yerli sakinlər də iştirak etməklə dava yaranıb və “Hummer”in döyülmüş sürücüsü xəstəxanaya aparılıb.