BBC navigation

Silahlı hərbçilər haradan çıxdı? sosial şəbəkədə İsmayıllı hadisələri

Son yeniləmə: 24 yanvar, 2013 - 15:38 GMT
Social media

Sosial şəbəkələrdə İsmayıllıda dünən gecə başlamış və bu gün də davam etmiş etirazlar ətrafında müzakirələr aparılır, foto və videolar paylaşılır.

Facebook sosial şəbəkəsində hadisələrlə bağlı insanları təəccübləndirənsə, kürəyinə silah keçirmiş çevik polis alayı nümayəndələrinin vətəndaşları hansısa binaya salmasını əks etdirən foto olub.

Sevinc İltifatqızı yazır ki, “milləti qırdırmaq istəyirlər? Bu nə silahlardır belə?”.

“Bu silahı nəinki orada istifadə etmək olmaz, hətta ora gətirmək belə qadağandır. Bu nə biabırçılıqdır?!”, deyə Pərviz Əzimov yazıb.

“Azərbaycanda son 20 ildə çoxsaylı partiyalar yarandı, çoxsaylı ideologiyaları, nəzəriyyələri sınaqdan keçirdilər, treninqlər, seminarlar və s... Amma alınmadı. Son təcrübələr göstərdi ki, Azərbaycanda əhali həm bir ideologiya-zad hərləmir, o yalnız bir halda ayağa qalxa bilər: ana-bacı söyüşünə!”, Zahir Əzəmət deyib.

Bəzi məlumatlara görə, "sərxoş şəxs" İsmayıllı sakinlərini söydüyü üçün iğtişaşlar başlayıb.

"Səhv"

Musavat partiyası başqanı İsa Qəmbər səhifəsində İctimai Palatanın 23 yanvar iclasında dediklərini xatırladıb.

"Bu həddən artıq təhlükəli bir tendensiyadır. Çünki artıq cəmiyyət dözmək fikrində deyil. Etirazlar artır, bütün ölkəni bürüyür və getdikcə, daha çox insan ayağa qalxaraq etirazını bildirir. Hakimiyyət bu etirazlara qarşı polisi çıxarır, Daxili Qoşunları hazır vəziyyətə gətirir. Hakimiyyət xalqa qarşı total zorakılığa hazırlaşır. Xalqın etirazları isə dayanmayacaq", deyən Qəmbər bu sözlərinin axşam İsmayıllıda "təsdiqləndiyini" deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimli rayona polis yeridilməsini "səhv addım" kimi qiymətləndirib.

"Cəzasızlıq, ədalət məhkəməsinin olmaması, hakimiyyətlərin harınlığı xalqın nə vaxtsa, öz məhkəməsini qurması ilə nəticələnir, İsmayıllıda olduğu kimi".

Fotoqraf Mehman Hüseynov isə, sosial şəbəkələrdə hadisələr barədə “doğru olmayan” məlumatların paylaşdığını qeyd edib.

“Axırda elə vəziyyət yaranacaq ki heç kim heç bir xəbərə inanmayacaq”.

"İsmayıllıda xalq üsyana qalxıb. Deyilənlərə görə maşınlar yandırılır. Dəqiq məlumatı olanlar xəbər versin", Rəşad Həsənov İsmayıllıya getməzdən əvvəl yazıb.

Facebook sosial şəbəkəsində gənc fəallar ismayıllılara dəstək kimi “Silahları üstümüzdən çəkin” adlı etiraz aksiyası keçirməyi təklif edib.

Səbəb polisin 23 yanvar gecəsindən bəri İsmayıllıda etirazçılara qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə etməsidir.

Tvitter mikrobloqunda da "ən çox" danışılan mövzu “İsmayıllı” olub.

Mikrobloqun Azərbaycana aid statistikasını təyin edən aztwi.com saytı göstərir ki, gün ərzində iyirmi populyar mövzuların hamısı etiraz aksiyaları barədədir.

Ismayıllı hadisələri barədə ilk xəbərlər yanvarın 23-də sosial şəbəkələrdə yayılıb.

İsmayıllıdan olan istifadəçilər rayon mərkəzində motelə hücum edilməsi və yandırılması barədə məlumatlar bildirib.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.